Torba-corab
Nənəm torba tikərdi, Qurudulmuş otları Doldurardı torbaya qışa ehtiyat üçün. Görülən hər ehtiyat lazımdı həyat üçün. Bu gün soğan doğrayır iştahına, aşına, Torba tikir çoxları bir-birinin başına. Nənəmin torbasından kəklikotu, əvəlik, nanə, reyhan çıxardı. Bugünkü torbalardan şeytan çıxır, cin çıxır. Nənəmin torbasından bin-bərəkət çıxardı, Bugünkü torbalardan nifrət çıxır, kin çıxır. Nənəm corab hörərdi Qışda ayağımızı isti saxlamaq üçün. Bu gün corab hörürlər Başa keçirmək üçün, başda yoxlamaq üçün. Axır ki, bu dünyanın yaman çıxıb xarabı, Hardasan, hayandasan, Ay anamın torbası, ay nənəmin corabı?
2007, 14 iyul