Əsas məzmuna keç

Heca şeiri

Tofiq Bayram dünyası

Zəlimxan Yaqub

3
Ustad şairimiz, unudulmaz könül dostum Tofiq Bayramın böyük istedad sahibi olan oğlu Zakirin qəfil ölümü məni möhkəm sarsıtdı. Bu acı xəbəri eşidən kimi Tofiq Bayram ailəsinin vəfalı dostu, ağsaqqal alimimiz Camal Mustafayevlə yas yerinə tələsdik. Həmişə bal arısı kimi qaynayan həyətdə ölü bir sükutla ata-oğul – Tofiq Bayram və Zakir yoxluğuyla qarşılaşdıq. Zakirin qardaşları Cahangirlə Cavanşir üç günün içində qocalmışdılar. Şairin əzabkeş ömür-gün yoldaşı Zərifə xanımı görmək ürəyimdən keçsə də, belə ağır gündə onunla görüşməyə cəsarətim çatmadı. Gücüm ancaq Tofiq Bayram dünyasına qayıtmağa, onunla dərdləşməyə çatdı.

Zakir daha mənim üçün ağrı-acı, Cavanşirlə Cahangiri xatırladım. Baş qaldırdı ürəyimin ehtiyacı, Dostum olmuş bir şairi xatırladım.

Bu dünyaya kimlər gəldi, kimlər getdi, Xatırladım bu dünyadan köçənləri. Kimlər öldü, kimlər sevdi, kama yetdi, Xatırladım olanları, keçənləri.

Quruluqdan, rəsmilikdən uzaq idi, O, bir dünya, bir Kainat adamıydı. Şair kimi bir alışan ocaq idi, Tofiq Bayram canlı həyat adamıydı.

Nə kürsüyə sığışırdı, nə yer-göyə, Ağıllı söz, yaxşı şeir silahıydı. Vurğunlaşdı “Səməd Vurğun” deyə-deyə, Üzeyir bəy Tanrısıydı, Allahıydı. Füzulini çox sevirdi Səttar kimi, Həm Füzuli, həm də Səttar vurğunuydu. Dost görəndə gül açırdı bahar kimi, Düzdə çiçək, zirvədə qar vurğunuydu.

Əllər sıxan, əllər tutan əl olurdu, Arxasında dağlar yıxan sel olurdu, Yurd olurdu, xalq olurdu, el olurdu, Tofiq Bayram kürsülərdə görünəndə.

Söz dilində nəfəs alıb dirilirdi, Kaman kimi dartılırdı, gərilirdi, Tər budaqdan tər meyvətək dərilirdi, Tofiq Bayram kürsülərdə görünəndə.

Mükafatı al güllərdən çələng idi, Şeiri layla, sözü ovsun, ahəng idi. Dağlar kimi uca idi, nəhəng idi, Tofiq Bayram kürsülərdə görünəndə. Masa onun ən vəfalı dost-həmdəmi, Kürsü onun iş yeriydi, səngəriydi. Nə dəftəri soyuyardı, nə qələmi, Ləngər elə Səməd Vurğun ləngəriydi.

Ağlayanda hönkür-hönkür ağlayardı, Qəhqəhəsi dağdan qopan şəlaləydi. Sevgi şeiri çeşmə kimi çağlayardı, Qəmli şeiri ürək yaxan bir naləydi.

Cəmiyyətin sağalmayan ağrıları Püskürürdü sinəsində vulkan kimi. Bir nanəcib daş atanda Haqqa sarı, Gah əsərdi, gah coşardı tufan kimi.

Birmi, beşmi başda ağrı, canda zədə, Can atardı dərd qırıla, ağrı sına. “Valokordin gətir, ana” söyləsə də, Əlac yoxdu ürəyinin ağrısına.

Dəli-dolu, kələ-kötür, ərkəsöyün, Qəlbindəki sevgisiydi yerin-göyün. Sevgisi də, nifrəti də löyün-löyün, Sərt bir kişi, mərd bir adam dünyası var, Qəlbimdə bir Tofiq Bayram dünyası var.

Xəyalımda varaqlanır varaq-varaq, Hər misrası bir çırpıntı, bir səs-soraq. Ömrü boyu korun-korun yanan ocaq, Yavaş-yavaş sönən bir şam dünyası var, Qəlbimdə bir Tofiq Bayram dünyası var.

Məclisləri bir-birindən sadə, gözəl, Zarafatı həddindən ziyadə gözəl. Sağlıq gözəl, şərab gözəl, badə gözəl, Əldə qədəh, nur dolu cam dünyası var, Qəlbimdə bir Tofiq Bayram dünyası var.

Açıq idi könül evi, qəlb aynası, Sevgi idi şah kitabı, əlifbası. Bir gecikən məhəbbətə tutdu yası, Vaxtın qısa, ömrün nakam dünyası var, Qəlbimdə bir Tofiq Bayram dünyası var.

Sevinciydi hər bir görüş, hər bir səfər, And yeriydi Sabir, Cavid, Müşfiq, Cəfər. Sevgilisi bütün dünya, bütün cahan, Qəlbindəki eşqin adı Azərbaycan.

Nəyi varsa məhəbbətin, eşqin idi, Gur nəfəsi dağ çayından coşqun idi. Başı üstdən qara yellər əsdi onun, Taqətini küt ağrılar kəsdi onun, Gözlərinin odu söndü, qoru getdi, Dizlərinin heyi getdi, zoru getdi. Qarabağdan deyə-deyə alovlandı, Qarabağdan yaza-yaza tüstüləndi, Qarabağsız bircə addım atammadı, Qarabağdan yaza-yaza xəstələndi. Ömrə güldü, bəxtə güldü acı-acı, Son ümidi, sadiq dostu əlağacı. Ağrıların pəncəsində gördüm onu, Ağrılarla yaşamağın budur sonu. Onu əldən salan ağrı mənim doğma ağrım idi, Onun köz-köz olan bağrı mənim yanan bağrım idi. O, yaşamaq istəyirdi, O, yaşatmaq istəyirdi, Aradığı, axtardığı Haqqa çatmaq istəyirdi. Təpə-dırnaq sevgi idi, ürək idi, Gur səsiylə bu millətə gərək idi. Çağırıram, əli mənə yetmir onun, Bir dost kimi, qardaş kimi, Arxa kimi, sirdaş kimi, Mənə olan eylikləri xəyalımdan getmir onun. O, “Gecikən məhəbbət”də yaşayacaq, O, saf “Qadın ürəyi”ndə sədaqətdə yaşayacaq! Bir dost kimi Zəlimxana inamında yaşayacaq, Şair kimi Zəlimxanın ilhamında yaşayacaq. Nə ki varam bu dünyada, Ona qarşı ürəyimdə, Ulu sevgi, saf ehtiram dünyası var, Qəlbimdə bir Tofiq Bayram xatirəsi, Qəlbimdə bir Tofiq Bayram dünyası var. Gur səsiylə salonları titrətməkdə nadir idi, Şeiri dağlar zirvəsinə qaldırmağa qadir idi, Oxucunu döyüşçüyə döndərməkdə mahir idi, O, bir Vətən əsgəriydi, Vətəndaş bir şair idi. Sinə sipər, kirpik çəpər, bir istehkam dünyası var, Qəlbimizdə Tofiq Bayram dünyası var.

2005, 28 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.