Təzələ ruhumu
Qışından quşbaşı qar göndər mənə, Yazından bir çəmən var göndər mənə. Qızıl payızından bar göndər mənə, Təzələ ruhumu, təzələ, dünya!
Hissimi səhərin mehinə döndər, Duyğumu çəmənin şehinə döndər. Qəlbimi sevginin şahına döndər, Təzələ ruhumu, təzələ, dünya!
Açılsın üzümə bağlanan qapım, Yol ver, istəyimi axtarım, tapım. Köhlən ver səyirdim, meydan ver çapım, Təzələ ruhumu, təzələ, dünya!
Bir az ürəyimə sərinlik gətir, Bir az nəfəsimə dərinlik gətir, Bir az taleyimə şirinlik gətir, Təzələ ruhumu, təzələ, dünya!
Gec olur aşanda qismət bələni, Gec olur basanda lələ şələni. Diriltmək olarmı vaxtsız öləni, Tez eylə, tez eylə, tez eylə, dünya, Təzələ ruhumu, təzələ, dünya!