Teymurun vəsiyyəti
Burda gərək deyil sözü uzatmaq, Qərar verilmişdi, fikir qətiydi. Müəllimin ayağı altında yatmaq, Teymurun müqəddəs vəsiyyətiydi.
“Mənim məzarımı öz ustadımın Ayağı altında qazdırın”, – deyib. “Ondan yuxarıya çəkməyin məni, Ondan aşağıda basdırın”, – deyib.
Qızıla tutublar dediklərini, Müəllim başdadı, Teymur ayaqda. Ulu sərkərdənin ağlı, hikməti, Həm qəbrə şöhrətdi, həm uca taxta.
Mərmər lövhələrdən bizə göz vurur, Daşlar üzərində zamanın yaşı. Tarixin ən böyük ibrət dərsidir, Müəllimin ayağı, Teymurun başı.
Dünyanın ən böyük bir cahangiri, Dünyanı mat qoyub bir niyyətiylə. Ölkələr fəth edən dünya fatehi, Könüllər fəth edib vəsiyyətiylə.
Səmərqənd, 2009, iyul