Əsas məzmuna keç

Qəsidə

Tərkibbənd

Məhəmməd Füzuli

1

Necə xoş günlər idi bilməz idim yaxşı, yaman, Yar qəmi çəkməz idim, qorxmaz idim düşmandan. Eşq sevdasinə, aşiqliyə biganə idim, Könlüm asudə idi dərddən, həm dərmandan, Olmamışdı gözümün pərdəsi qanla rəngin, Ürəyimdə yox idi xar o güli-xəndandan. Dəyməmişdi gözümə surəti-eşq ayinədə, Çıxmamışdı üzə hüsnün gözəli pünhandan. Hələ pabənd deyildim hərəmi-eşqidə mən, Qəflət azad eləmişdi məni ol zindandan.

Mənim asayişimə qibtə ilə baxdı fələk, Bu cəhanə gətirib, dərd oduna yaxdı fələk.

* * *

Canım aşüftə, əsiri-dili-şeyda oldu, Cismim avarə, düçari-qəmi-dünya oldu. Ruhumu vəsvəseyi-şövqi-bədən sarsıtdı, Gözdə görmək həvəsi get-gedə peyda oldu. Möhnət atəşkədəsi şö’lələnib sinəmdə, Başımın ağrısının illəti sevda oldu. Fitrətimdən doğulan pərdənişin bir dilbər, Pərdəni atdı, açıb sirrini, rüsva oldu. Cismü can ilə könül meyl elədi dünyayə, Söz uzandı aramızda, sonu qövğa oldu.

Gördülər bikəsü məğlubü günü tirə məni, Hər üçü bağladılar zülm ilə zəncirə məni.

* * *

Cismü canü dili-şeydayə itaət etdim, Mən də bu aləmə izhari-məhəbbət etdim. Cism aram, könül kam tapa, can rahət Deyə, öz həmdəmimi dərd ilə möhnət etdim. Mənim aləmdə pərişanlığıma oldu səbəb, Hansı təqdir ilə cəmi’iyyətə xidmət etdim,

Düşdüm asudə ikən cövrü məşəqqət yoluna, Rahət ikən həyəcanə, qəmə adət etdim. Qılmadı müşkülümü həll mənim sevda də, Tərki-sevdayə odur əzmlə himmət etdim.

Eşq gəldi, dedi: bu yolda mənəm yar sənə, Cismü can ilə könül yandı, bir od vurdu mənə.

* * *

Bir gülün eşq oduna qıldı giriftar məni, Saldı heyrət oduna, yaxdı o xunkar məni. Gah gözəl qəddini qarşımda nümayan etdi, Gah əyib qatladı ol türreyi-tərrar məni. Gah mənə saldı nəzər nərgisi-şəhlası ilə, Gah qara zülf kəməndinə salıb xar məni. Sinəmə çəkdi qəmü möhnət odundan min dağ, Eylədi şamü səhər gözləri xunbar məni. Qaməti sərv, üzü lalə, gümüş əndamlı, Dilbərim etdi cəfa çəkməyə vadar məni.

Hər qədər sızlayıram mən, o gözəl şad olur, Rəhm qılmaz mənə, könlüm evi bərbad olur.

* * *

Düşmədən qeydinə yetməzdi mənə azari, Dərdə salmazdı cəfa ilə dili-bimari, Mərhəmət hissi duyardım baxışından o zaman, Qan axıtmazdı onun mərdüməki-xunxari. Yad edib, halimi hər gün soruşardı məndən, Tərk qılmazdı, unutmazdı bu biqəmxari. Etməmişdi hələ əğyar ona tə’limi-cəfa, Şən vüsal bəzminə qoymazdı qəmi-əğyari. Söhbətindən onun artırdı fərəh qəlbimdə, Gülünün xari yox idi, meyinin xümmari.

Lütfü zülmün yoluna getmək imiş, bilməz idim, Məqsədi könlümü seyd etmək imiş, bilməz idim.

* * *

Könlümü ovladı, məndən üzünü etdi nəhan, Qıldı min çövrü cəfa ilə məni sərgərdan.

Baxdı bədxah rəqibin sözünə, mən yazığa, Nə qədər istədi zülm eylədi, tutdu divan. Şərhə gəlməz ki, fəraqilə nələr etdi mənə, Mən idim dözdüm, onun zülmünə dözməz insan. Könlüm ümmidi-vəfa ilə ona bənd oldu, Etdi ümmid evini cövrü cəfası viran. Həmdəm olmaq da çətindir, onu tərk etmək də, Nə edim, çarə nədir, dərdimə qaldım heyran.

Bir gecə atdım həya pərdəsini mən üzdən, Fürsət əldə edib, açdım ona öz qəlbimi mən.

* * *

Dedim: ey qəlbimə hər dəm verən azar qəmin, Xəm edib qaməti-mövzunumi bari-sitəmin. Yetər hər ləhzə mənim könlümə səndən qəmlər, Nə qədər tab qılım cövrünə, bitməz sitəmin. Bir zamanlar mənə lütfün var idi, olmuş idi Mənim ağlar gözümün sürməsi xaki-qədəmin. Nə xəta çıxdı əlimdən, nə günahım var kim, Məni – biçarəni tərk eylədi lütfün, kərəmin? Bundan artıq mənə cövr eyləmə ki, bitabəm, Təndə yoxdur o təvan ki, çəkə bari-ələmin.

Dedi: biz dilbərik, axtarma məhəbbət bizdən, Yerini bil sözünün, etmə şikayət bizdən.

* * *

Dedim: ey sərvqəddim, simbərim, laləüzar, Yazığam, gəl mənə zülm eyləmə, olma qəddar. Rəhm qıl, rəhm ki, ta kam alasan ömründən, Mehrsiz olma, olar mehrsizin axiri xar. Mərdümi-çeşmimi qərq eyləmə qan içrə mənim, Mərdümazar olan kəslərə olma dildar.

Doğruçu dostlara yar olmağını vacib bil, Dinləmə, bil ki, yalandır nə deyirsə əğyar, Hüsnünə qürrələnib çıxma yolundan, bil kim, Hüsn tez zayil olar, qalmaz üzündə asar.

Ağarar zülfün, olar tirə o gül rüxsarın, Tüstü qalxar ocağından, soyuyar bazarın.

* * *

Kimsə gəlməz yanına ta ki, ola qəmxarın, Mayil olmaz görə bir kəs o solan gülzarın. Həvəsi-vəslin ilə bir də könül çırpınmaz, Çıxarar hövsələdən xəlqi qaba rəftarın. Tük qədər kimsədə qalmaz həvəs o kakilinə, Hər tükün bir tor olar, xəlqə yetər azarın, Qurtarar canla könül meylü həvəs qeydindən, Müşgü ənbər qoxusu versə belə rüxsarın, Səndən üz döndərər hər bir kəsə üz döndərsən. Meyli düşməz sənə nə yar, nə də əğyarın.

Öylə rəftar elə xəlq ilə ki, çatdıqda o gün, Tə’nəsilə səni sarsıtmasın üşşaq bütün.

* * *

Sözlərim etmədi, əfsus, onun qəlbinə kar, Qorxmadan könlümə hər ləhzə yetirdi azar. Qılmadı rəhm mənim halıma, bidad etdi, Mərhəmət istədim, o zülmdə qıldı israr. Mən deyildim daş ürəkli o cəfakar kimi, Qılmadı tab cəfasına onun bu dili-zar. Etmədi dərdimə dərman o, məni-bimarın, Tərk qıldım səri-kuyini o şuxün naçar. Bağlanıb silsileyi-qürbətə qaldım neçə il, Şövqi-dildarı ilə oldum ağır dərdə düçar.

Könlümün qapını gözdən mən axıtdım hər an, Ağlayıb, göz yaşı tökdüm, edərək ahü fəğan.

Könlümün müşkülünü açmadı qürbətdə haman, Yada saldıqca onu qəmlərim etdi tüğyan. Ağladım, səbrimi göz yaşım axıb verdi selə, Ahımın badinə getməkdə idi tabü təvan. Dərdim artdı, ürəyimdə qəmü möhnət artdı, Qılmadı tərk məni həsrəti-vəsli-canan, Qürbət eldə başıma düşdü vətən sevdası, Qalmadı səbrdən avarə bu könlümdə nişan. Vətənə çatdım, onun kuyinə oldum azim, Canıma od vuran o dilbərə baxdım pünhan.

Gördüm artıq gülünə xar dəyib, etmiş xar, Gül solubdur, yabani otla dolubdur gülzar.

* * *

Alnını ay kimi çin pərdədə pünhan etmiş, Hər əsir qəlb onu azadlığa ünvan etmiş. Tərk qılmış onu həsrətlə yanan aşiqlər, Sanki quşlar, qış olub, tərki-gülüstan etmiş. Intizarini çəkənlər üzünə baxmaz onun, Hali dildadələri hali pərişan etmiş, Qalmamış onda daha badeyi-qəflət əsəri, Sərxoş imiş, oyanıb, dərdinə dərman etmiş, Sanki rö’yadə gədapişə görübdür, tale’, Çıxarıb təxtə onu, ölkəyə sultan etmiş.

Həsrətindən, oyanırkən ürəyi qanə dönüb, Hamı aşiqləri bir cəm’i-pərişanə dönüb.

* * *

Qəmli gördükdə onu, könlüm açıldı kəm-kəm, Hali qəlbimdə olan dağlara qoydu məlhəm. Yaralı könlümü tərk etdi az-az, eşq qəmi, Get-gedə xatiri-qəmpərvərim oldu xürrəm, O pərişan görünüb, xatiri olduqca məlul, Mən unutdum kədəri, qüssəni, oldum biqəm,

Can ki, məhrum idi eyşü fərəhü işrətdən, Eyşü işrət hərəminə yenə oldu məhrəm. Aləmin zövqünü, şövqini unutmuş könlüm, Yenidən anladı kim, şövq evidir bu aləm.

Mən onu qəmli görərkən özüm oldum xoşhal, Dözmədim, verdim ona tə’n ilə bir böylə sual.

* * *

Dedim: ey sərvi-rəvan, şiveyi-rəftarın hanı? Ay kimi parlaq üzün, bal kimi göftarın hanı? Əyilən ruyinə sevdalı o qaşlar nə olub? Eşq zəncirinə yüzlərcə giriftarın hanı? Noldu qeydindən əsirlər hamı azad oldu, Mey kimi məst edən o lə’li-şəkərbarın hanı? Nə səbəbdən səni tərk eylədi dildadələrin? Onları bəndə çəkən türreyi-tərrarın hanı? Dedi: tə’nə oxuna tutma məni, söylə sənin Noldu sevdalı başın, dideyi-xunbarın hanı?

Surəti-zahirə bənd olma, o fanidir, bil, Əbədiyyət ara, ver surəti-mə’nayə könül!

* * *

Bu nəsihət meyli çün etdi məni məstü xumar, Qırdım hər qeydi ki, insani cəhanə bağlar, Dənizə batdım, önümdən çəkilib getdi sərab, Büt mənim öz bütüm idi, o bütü qıldım xar. Batili tərk edərək, Həq yolunu tutdum mən, Ölü ikən dirilib, aləmə gəldim təkrar. Yaşamaqçın mən o eşqin ətəyindən tutdum Ki, əlim getsə də, daim o ətək əldə qalar. Fani aləmdədir hər qüssə, yəqin oldu mənə, Talibəm mülki-bəqayə, nə qədər ömrüm var.

Yarəb, et, müşkilini həll Füzulinin sən, Sal rəhi-həqqə, xilas eylə xəta rahindən.

Lüğət: Xar – çox möhkəm daş, mərmər daşı; Güli – rə’na – qırmızı rəna çiçəyi; Xəndan – gülən; açılmış; Pünhan – gizli; Aşüftə – məftun, vurğun; Dili – tirə – qaranlıq könül, tutqun könül; Peyda – zahir, aşkar olmaq; Can – ruh, bədən; Tirə – qaranlıq; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Giriftar – tutulmuş; Xunbar – qan yağdıran; Qaməti – mövzun – yaraşıqlı boy; Mərdümək – bəbək; Meyi – nab – saf şərab; Seyd – ov, şikar; Şərhə – şərhə – dilim-dilim, parça-parça; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xəm – əyri; Bari – giran – ağır yük; Sitəm – zülm – əziyyət; Tab – taqət; işıq; qıvrım; Xaki – tirə – qara torpaq; Əlim – bilik sahibi; Simbər – gümüş bədənli; Mərdümi – insanlıq; Rüxsar – yanaq S; Üşşaq – aşiqlər; Zar – sızıldayan, ağlar, zəif; Qürbət – yaxın olmaq L; Azim – əzm edən, bir tərəfə gedən; Çin – qıvrım; toplayan; doğru; Kəm – az; Xürrəm – şad, sevinc; Rəvan – gedən; axan; ruh; Bal – qanad; Bəndə – qul, kölə; Ara – bəzəyən; Bəqa – həmişəlik; Sal – il

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.