Əsas məzmuna keç

Müxəmməs

Tən pozuldu əşki-çeşmi-xunfəşanimdən mənim

Məhəmməd Füzuli

1

Tən pozuldu əşki-çeşmi-xunfəşanimdən mənim, Göydü can könlümdəki suzi-nihanimdən mənim. Ta əsər var cismü cani-natəvanimdən mənim, Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim, Bu başımdan savulub, ol getsə yanimdən mənim. Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yar tək, Rəglərim sızlar əl ursam çəng üzrə tar tək, Çəngü ney mümkün kəm edə zarlıq mən zar tək, Bəs ki, məmluyəm həvayi-eşqə musiqar tək, Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim. Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər! Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər! Qan yaşımdan sarı kim, tutmuş yolun, qıl bir güzər! Meyl qıl məndən yana, hər dəm bu istiğına yetər! Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim. Güz evi tək oldu əşkimdən çox evlər qərqi-ab, Göz evi tək qıldı çox ev mərdümi-çeşmim xərab, Aləmi seylabə verdim, ey cəmali afitab! Görünür mərdüm gözünə seyldən qopmuş hübab, Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim. Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni, Göz yaşı olur rəvan hərgəh xəyal etsəm səni, Lütf umub səndən, səri-kuyində etdim məskəni, Gəl gözüm nuri, Füzuli tək çox ağılatma məni, Inciməzmi xatirin ahü fəğanimdən mənim.

Həbibiyə təxmis Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən, Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən, Hər qəbavü pirəhən geysəm misali-qönçə mən. “Gər səninçün qılmasam çak, ey büti-nazikbədən! Gorum olsun bu qəba əynimdə pirahən kəfən”. Gərçi sevdayi-səri-zülfindənəm zarü zəlil, Keçmən ol sevdadən olduqca mənə ömri-təvil, Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil, “Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”. Qalib oldu sübhdəm şövqi-güli-ruyin mana, Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana, Gül görüb, yadınla dürri-əşk saçdım hər yana, “Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana, Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən”. Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək, Ta səni həm salmasın bir dərdə dövrani-fələk, Almadın pənd imdi, aşiqsən, işin ah eyləmək, “Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’ tək, Mən deməzmidim ki, danla ağılayasıdır gülən”. Xah sincab eyləsin fərşin, Füzuli, xah kül, Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül. Yarsız eşq əhlinin dinlənməgi mümkün degül, “Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül Kim, batır cisminə təndə hər tük olmuş bir tikən”.

Lütfiyə təxmis Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin, Nola ta şami-əbəd olsam tələbkarın sənin, Imdi cana bulmamış min aşiqi-zarın sənin. “Ey əzəldən ta əbəd könlüm giriftarın sənin, Çarə qıl kim, buldu canım əsrü qəmxarım sənin!” Tutdular təşxisi-dərd içün müaliclər rəgim, Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim, Çün yəqin oldu dəvasız dərdilən can verməgim, “Can verir çağında, Tanrıçün, qaşımğa gəl bəgim, Bari görmüş bulğa min bir ləhzə didarın sənin.” Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa, Naleyi-zarilə bildim dərdi-dil bulmaz şəfa. Mən sınadım, şimdi sən pəndim eşit, qıl iktifa, “Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa, Ey könül, nə yerə yetkay naleyi-zarın sənin?” Könlüm aldı ol iki əyyari-çeşmi-pürxumar, Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var, Ürf içində olsa hər əyyar qövli üstüvar, “Şər’ilən gər tutsalar əsrük sözinə e’tibar, Qanıma vergay danuqluq iki əyyarın sənin.” Sanma cövr etsən Füzuli incinib tərkin qılə, Gər cəfa qıl, gər vəfa canim fəda sən qatilə, Mən xud öldüm, imdi sən tiği-cəfa alıb ələ, “Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə, Anda həm bolğay mənim ruhim mədədkarın sənin.”

Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Sirişk – göz yaşı; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Mərdüm – göz giləsi; xalq, camaat; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Cünun – dəlilik, divanəlik; Rəxt – yatacaq, paltar; Qəba – don; Pirahən – köynək; Təvil – uzun; Üstüxan – sümük; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Əşk – göz yaşı; Sübhi – əzəl – ilk sübh; Müalic – əlac edən, təbib; Üstüvar – möhkəm, qüvvətli, daimi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.