Təmizlər
Az tapılan almaz kimi azsınız, Sözü şirin, söhbəti bal adamlar. Ürəyimdə baharsınız, yazsınız, Əli halal, dili halal adamlar.
Baxışınız işıq oldu, od oldu, Dağıtdınız dumanları, sisləri. Hər görəndə gözüm, könlüm şad oldu, Sizdə duydum ən müqəddəs hissləri.
Ömrüm boyu baş əymişəm sizə mən, Səsinizi haqqın səsi bilmişəm. Təmizlərin ürəyini əzəldən, Ana südü, dağ çeşməsi bilmişəm.
Təmizlikdir, gözəllikdir gərəyim, Onsuz qəlbim sapa dönər, incələr. Qayğılardan yorulanda ürəyim, Təmizlərin havasında dincələr.
Natəmizi salan olmaz heç yada, Hər gün dərd axtarar, qəm izlər. Tapındığım ocaq varsa dünyada – Təmizlərdi, təmizlərdi, təmizlər!