Təmənnalı dünya
Təmənnalar, təmənnalar, Qəlbiniz boş, içiniz dar. Dartın, yığın harda nə var, Siz varsınız, mənasızdı Bu qədər mənalı dünya, Ah bu təmənnalı dünya.
Gülü yoxdu, dərən ola, Xan taxtına sərən ola. Çətin ona indən belə, Gəlib üz göstərən ola. Atırsan keçə yerinə, Köhnələndə xalı dünya, Ah bu təmənnalı dünya.
Demirsən qızıl yallıydı, Demirsən ifçin nallıydı. Yerlə, göylə əlləşərdi, Göylər qədər xəyallıydı. Köhlən at qocalan kimi, Sökdürürsən nalı, dünya, Ah bu təmənnalı dünya.
Ağrı nədir, azar nədir, Ürək hardadı, bilmirdim. Ciyər necə nəfəs alır, Böyrək hardadı, bilmirdim. Taleyimə, qismətimə, Duzaq harda qurulacaq, Kələk hardadı bilmirdim. Məndən ötrü təbiətin Zəhər oldu balı, dünya. Ah bu təmənnasız ömrüm, Ah bu təmənnalı dünya!
2011, 15 may Almaniya, Hannover