Telli
Şahmar zülflərini görəndən bəri, Dərdim artıb, dönüb ümmana, Telli! Ay kimi şox salıb ayna qabağın, Çoxların eyləyib divana, Telli!
Görən mail olur hər nizamına, Neçə pərvanələr yanır şamına, Yaraşır libasın gül əndamına, Mən deyirəm mərdü-mərdana, Telli!
Yaradan pozmasın bu növrağını, Başatan yandırsın şam-çırağını, Ala gözlərini, gül yanağını, Tərsa görsə, gələr imana, Telli!
Ağ buxağın işıqlıdı büllurdan, Ləblərin innabı, dəhanın dürdən, Yaradan xəlq edib bir qətrə nurdan, Düşübsən ellərə, nişana, Telli!
Ələsgərəm, şad olardım dünyada, Səni gördüm, dərdim oldu ziyada, Üzün bəri döndər, ay mələkzada, Səni and verirəm peymana, Telli!