Telefon danışığı
Sahibə xanıma
Məndən narahatdı məni sevən kəs, – Yerin rahatdımı? – Rahatdır! – dedim.
– Havalar necədir, orda havalar? – Nə isti, nə soyuq, babatdır! – dedim.
– Xoşuna gəldimi o mənzərələr? – Gözəllik, hər yerdə büsatdır! – dedim.
– Özünü çox yorma, az gəz, az dolan, – Bu səfər ruhuma qanaddır! – dedim.
Bu sözlər qoyarmı heç yorulmağa, Şair sevilirsə, şair sevirsə, Onun əqidəsi poladdır! – dedim.
– Günün xoş keçirmi bizdən uzaqda? – Axırda bir şirin görüşü varsa, Həsrətin özü də həyatdır! – dedim.
2001, 9 iyun Vaşinqton