Əsas məzmuna keç

Heca şeiri

Təklik tənhalıq deyil

Zəlimxan Yaqub

1

Heç vaxt tənhalığa təklənmək demə, Yalançı hay-küydən sovuşmaqdı bu. Bağlanıb qəlb adlı dosta, həmdəmə, Böyük yaradana qovuşmaqdı bu.

Əl üzü tək qoymaz, düşüncə başı, Əllər çənənindi, fikir başındı. Kitabtək varaqla ruhu, yaddaşı, Fikirlər hamısı yar-yoldaşındı.

Özünə çəkilən haqqa çəkilər, Heç zaman heç kəsə yük olmaz insan. Tanrını qəlbinə dost-tanış bilər, Tək olmaz, tək olmaz, tək olmaz insan.

Şairin dostu var xəyal adında, Bir qələm, bir dəftər varsa bəsidir. Fikir meydanında, xəyal atında, Uzağa bir səfər varsa, bəsidir.

Heç vaxt tək otağa dörd divar demə, Dörd divar Nazimi Hikmət eylədi. Bir dastan bağladı sevincə, qəmə, Dünya türk oğluna heyrət eylədi.

Təklik bostanındı, tənhalıq bağın, Təki inam adlı silahın olsun. Ayağın altında ana torpağın, Başının üstündə Allahın olsun.

Heç zaman kəm baxmaz yaratdığına, Gövdənin, budağın, kökün Allahı. Gərək hər sığınan haqqa sığına, Allahın təki var, təkin Allahı.

2006, 26 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.