Təki sən alasan mənim vaxtımı
Hamı səndən deyir, səndən danışır, Gözü açılmamış səhərin, gözəl. Sənin doğulduğun gündən danışır, Başqa sözü yoxdu şəhərin, gözəl.
Deyirsən, bağışla, vaxtını aldım, Təki sən alasan mənim vaxtımı. Qəlbimdən keçəni oxuya bilsən, Qəlbinə köçürrəm öz paytaxtımı.
Nə dedi-qodular, qeybət, gileylər, Nə də boş yalanlar vaxtımı alsın. Bircə baxışıyla od salıb cana, Ruhumu alanlar vaxtımı alsın.
Udduğum havaya, içdiyim suya, Dərindən çəkdiyim nəfəsimə dön. Yaşamaq nə qədər çətinləşsə də, Sən mənim yaşamaq həvəsimə dön.
Hazıram mən sənə qurban verməyə, Bir günün iyirmi dörd saatını da. Birlə yüz rəqəmi arasındakı, Şairin ömürlük həyatını da.
2000, 16 mart