Təhlükə
Gözlərin kor olmaq təhlükəsi var, Qulağın kar olmaq təhlükəsi var, Əllərə titrəmək, başlara əsmək, Dizlərə zor olmaq təhlükəsi var. Çəksin cilovunu at oynadanlar, Meydanın dar olmaq təhlükəsi var, Yolların qar olmaq təhlükəsi var.
Heç kəs aldanmasın pıçıltılara, Dənizin qabarmaq təhlükəsi var. Qabaran dənizin sal qayaları Ovcunda aparmaq təhlükəsi var. Səssiz küləklərin, sakit suların, Qiyamət qoparmaq təhlükəsi var.
Vicdanın, Allahın, ruhun, nəfəsin, Qəfəsdə boğulmaq təhlükəsi var. Bütün pisliklərin, əclaflıqların, Yenidən doğulmaq təhlükəsi var. Tauna çevrilib, vəbaya dönüb, Dünyaya dağılmaq təhlükəsi var. Bəndə üz çevirib bəndəliyindən, Allaha ağ olmaq təhlükəsi var.