Təcnis
Damağımda illər boyu qalandı, Unudulmaz dağ ləzzəti, dağ adı. Dərə çəksə dərinlərə fikrimi, Meylim yenə dağdadı ki, dağdadı.
Qanad verməz yer yamana, göy nəsə, Namərd baxıb, küskün olub göynəsə, Buz baxışdan qayaların göynəsə, Bil ki, sinəm düyündədi, dağdadı.
Dağlar mənim sevgilimdi, butamdı, Ömrüm-günüm bu şirinlik, bu tamdı. Seçmərəm ki, o yarıdı, bu tamdı, Hamısında var eşqimin dağ dadı.
1978, 5 noyabr