Əsas məzmuna keç

Qoşma

Təbrizli qardaşım Sönməzlə

Zəlimxan Yaqub

1

Zəlimxan Yaqub

Qardaş, sənin əllərini sıxanda, Döndü qəlbim yenilməzə, dönməzə. Belə yerdə qoy anamız təbiət En deməsin zirvələrdən enməzə.

Sönməz

Qardaş, məni sən bağrına basarkən, Danış! – dedin danışmaza, dinməzə. Mən danışdım, sən də qulaq asarkən Cana sindi dedin canasinməzə.

Zəlimxan Yaqub

Duyan könül heç olmasın viranlıq, Qoy dağılsın başındakı qaranlıq. Gəl unudaq dərdimizi bir anlıq, Bu xoş gündə mən mey olum, sən məzə.

Sönməz

Sazlı-sözlü şairimsən, al məni, Bir saz kimi al döşünə, çal məni. Qoy yetişim, dərməsinlər kal məni, Bəlkə, dönüm sənin kimi dönməzə.

Zəlimxan Yaqub

Aya deyək, bulud altda yatmasın, Günə deyək, dağ dalında batmasın. Vaxta deyək, hələ gəlib çatmasın, Son danışıq, son zarafat, son məzə.

Sönməz

Gəlib gəzdim dağda, daşda, düzdə mən, İçim coşdu, kövrəlmədim üzdə mən. Əgər dünən sönməz idim sözdə mən – Mənada da döndüm bu gün Sönməzə.

Zəlimxan Yaqub

Həsrətə bax! O bir daşdı, o divar, Vüsala bax! Odu dövlət, odu var. Ürəyimin nə ki sönməz odu var – Sovqat olsun Zəlimxandan Sönməzə!

Sönməz

Mərd oğullar doğru yolu seçsələr, Haqq yolunda şirin candan keçsələr, Azadlığın şərəfinə içsələr, Süfrəmizdə Ay mey olar, gün məzə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.