Əsas məzmuna keç

Sərbəst şeir

Təbrizdəyəm

Zəlimxan Yaqub

2

Təbrizdəyəm! Təbrizdəyəm! Hər enişdə, hər yoxuşda, hər cığırda, hər izdəyəm! Damladayam, ümmandayam, bulaqdayam, kəhrizdəyəm! Həsrət adlı dağ yıxılıb, sevinc adlı dənizdəyəm! Gözlərimə inanmıram, heyrətimdən bağırıram, Mən dünyanı sevincimin bayramına çağırıram!

Birinci görüşümüz İyirmi il əvvəlin sərin bir yuxusuydu. Ciyərimə çəkdiyim bir çiçək qoxusuydu. İkinci görüşümüz Yazıldı qismətimə düz altmış yaşında, Bu gün qalib çıxmışam həsrətin savaşında! Ürəyim dopdoludu, içərim tərtəmizdi.

Təkcə Ərk qalası yox, Tək saat meydanı yox, Təbriz başdan-başa Müqəddəs tariximiz Müqəddəs türbəmizdi.

Təbrizdəyəm, Allahım! Gözəllər nə gözəldi, oğullar nə şirindi. Salamlar nə səmimi, sevgilər nə dərindi.

Çöhrələr nə baxımlı, baxışlar nə durudu. Hər gördüyüm təbəssüm Ömrümün yaraşığı, gözlərimin nurudu.

Bu gün sinəmin üstə Təbriz bir telli sazdı, Düz iki yüz ildi ki, həsrətdən oxuyuruq. O sazın tellərində Bircə görüş eşqinə min il ötsək də azdı. Təbriz bir telli sazdı, o sazın saz bəndiyəm, O sazın müəmması, tilsimiyəm, bəndiyəm. Çanağı, pərdəsiyəm, simi, təzənəsiyəm, Ululaşan millətin əfsanəvi səsiyəm.

Təbriz bir ulu ruhdu, o ruhu daşıyanam, Məqbərəyəm, türbəyəm, sarayam, aşiyanam. Təbriz mənsiz olmasın, bir gün, bir saat belə, Bəlkə on min ildi ki, Təbrizlə yaşıyanam!

Neçə yaşıl bağçadan, neçə bağdan keçirəm, Küçələri çəkirəm gözlərimə şəkiltək. Ərhabdan, Sevgilandan Küçəbağdan keçirəm. Bu Gərəndab küçəsi, bu da qədim Maralan, Cazibə qüvvəsidi hər daşı, hər kərpici, Hünərin var uzaq düş, gücün çatır aralan.

Lilavası mənimdir, Şamqazanı mənimdir, Şair olsun, ya alim, memar olsun, ya rəssam. Həm tarix yaradanı, həm yazanı mənimdir.

Bura Təbrizdi! Təbriz! Həm mənli, həm də mənsiz! Dilim, ağzım qurusun, o mənsiz ola bilməz, Onun sevgi rəngləri heç zaman sola bilməz.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.