Təbrizdən ayrılanda
Ayrılıq anları gəldi, yetişdi, Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan! Çox qala bilməzsən bu şəhərdə sən, Göz yaşın olsa da göl, ay Zəlimxan!
Mən kimə yalvarım, kimə diz çöküm, Sərhədi nə qədər dağıdım, söküm? Başıma haranın daşını töküm, Nə qədər bağlanar yol, ay Zəlimxan?!
Hicran sinən üstə çökər qış kimi, Göynədər qəlbini buz baxış kimi. Yaman qaralmısan, yağ, yağış kimi, Qara bulud kimi dol, ay Zəlimxan!
Qoyur sapandına, daş kimi atır, Tale insanları talayır, çatır. Elə bil dünyanın bir yanı batır, Əldən üzüləndə əl, ay Zəlimxan!
Sevinc yanımızdan sallanıb ötər, Yandıq Füzulidən, Sabirdən betər. Min ildən sonra da hamıya yetər, Boldu həsrətimiz, bol, ay Zəlimxan!
Vaxt çatır, zamanın səbri daralır, Gedənin gözündə dünya qaralır. Ayrılıq gələndə solur, saralır, Çəmən, ay Zəlimxan, çöl, ay Zəlimxan!
Yenə gözündə yaş, qəlbində kədər, Gəlişin hədərmiş, gedişin hədər. Sənin ki dərdin var bir Təbriz qədər, Niyə yaşayırsan öl, ay Zəlimxan!
Təbriz, 1992, iyul