Əsas məzmuna keç

Heca şeiri

Təbriz, xoş gördük səni

Zəlimxan Yaqub

2

Ruhumu çəmən kimi yoluna sərməliydim, Çiçəyini qoxlayıb, gülünü dərməliydim. Özümü görmək üçün mən səni görməliydim, Təbriz, xoş gördük səni!

Bilmirəm maşındayam, qatardayam, atdayam, Ya bir dağ ətəyində, ya yeddinci qatdayam. Bilmirəm yuxudayam, yoxsa ki, həyatdayam, Təbriz, xoş gördük səni!

Bu qədər də dünyada şirin şəhər olarmı, Bu qədər də dünyada ağrı, qəhər olarmı? Bu qədər uzun çəkən ağır səfər olarmı? Təbriz, xoş gördük səni!

Danışıram, dinirəm, sözümə inanmıram, Boylanıram, baxıram, gözümə inanmıram. Bu mənəmmi, ilahi, özümə inanmıram, Təbriz, xoş gördük səni!

Sildi zərif duyğular ürəklərin yasını, Tökdü şirin nəğmələr qulaqların pasını. Axır ki, qucaqladı övlad öz anasını, Təbriz, xoş gördük səni!

Qurbanam bu görüşün hər gününə, ayına, Gündə bir kərpic düzər ömrümün sarayına. Nə ki həsrətlilər var, Allah yetsin hayına, Təbriz, xoş gördük səni!

Yedirtmişdi zəhəri, içirtmişdi ağını, Həsrət yaman yemişdi gözümüzün yağını. Axır ki, sındırmışıq şeytanın ayağını, Təbriz, xoş gördük səni!

Bu tale fürsətidi, ən qiymətli an gəlib, İllərdi gözləməkdən gözümüzdən qan gəlib. Bu gün ziyarətinə şair Zəlimxan gəlib, Təbriz, xoş gördük səni!!!

Təbriz, 1992, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.