Əsas məzmuna keç

Qoşma

Təbriz

Zəlimxan Yaqub

2

Dedilər Bakıdan qonağın gəlir, Söz gəzdi dodaqdan-dodağa, Təbriz. Uçdum Savalana, qondum Səhəndə, Səs düşdü bu dağdan, o dağa, Təbriz.

Küləklər köhləni, qayalar nalı, Yeddinci göydəydi şairin halı, Qoşa qanaq bildim Eynal-Zeynalı, Sığmadım eyvana, otağa, Təbriz.

Duyğular dayaza, dərinə düşdü, Yolum şəhərlərin pirinə düşdü, Axır ki, ürəyim yerinə düşdü, Oldum səndən ötrü sadağa, Təbriz.

Dərələr keçirdim, dağlar aşırdım, Duyğular selində aşıb-daşırdım. Çoxdan bu səfərə hazırlaşırdım, Kəsirdi yolumu qadağa, Təbriz.

Yurda səpələndi mənim hər param, Elə bil sağaldı yüz illik yaram. Səndən ayrılsam da, sənsiz olmaram, Qonaram hər kökə, budağa, Təbriz.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.