Əsas məzmuna keç

Qoşma

Təbriz

Zəlimxan Yaqub

2

Bildi ki, Məcnunun pərvanəsiyəm, Məni dolandırdı başına Təbriz. Oğlunu ucada görmək istədi, Qaldırdı dağların qaşına Təbriz.

Bir ömür yaşadım yağ-baldan şirin, Bir həqiqət gördüm xəyaldan şirin. Dünyada nə varmış vüsaldan şirin, Qarışdı gözümün yaşına Təbriz.

Sevinci min dəfə qəmindən şirin, Qəmi söhbətindən, dəmindən şirin. Nə var bu şəhərin tamından şirin, Dost, qardaş, sevgili, aşina Təbriz.

Dərd üstə, saz üstə bir həyatı var, Dilini göynədən min bayatı var. Gördüm Şəhriyarın yeddi qatı var, Baxdım tarixinə, yaşına, Təbriz.

Göründü gözümə bir mələk kimi, Gördüm bütövləşən gələcək kimi. Yağdım yağış kimi, gül-çiçək kimi, Hopdum torpağına, daşına, Təbriz.

Təbriz, 2009, 7 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.