Təbiətlə üz-üzə
Yenə təbiətlə üz-üzəyəm mən, Təpədən dırnağa möcüzəyəm mən. Meşəyəm, ormanam, bulağam, çayam, Dünyaya sığmayan sirli dünyayam.
Elə süzülürəm, elə axıram, Bu gün axa bilməz su mənim kimi, Bu gün ötə bilməz, oxuya bilməz, Qumru mənim kimi, qu mənim kimi.
Yüz il ömr eləsəm bu dağ başında, Demərəm dünyada qocalıq mənəm. Elə bilirəm ki, bu saat, bu an, Dünyada ən hündür ucalıq mənəm.