Əsas məzmuna keç

Qoşma

Təbiətin qoynunda

Zəlimxan Yaqub

1

Dan sökülür, gül açılır, şeh düşür, Acı sözdən, bəd sifətdən xəbərsiz. Qartal süzür qayaların qaşında, Köləlikdən, əsarətdən xəbərsiz.

Bir daş olam, dönəm burda kaş daşa, Arxa durur, dayaq olur daş daşa. Min illərdi dağlar verib baş-başa, Xəbislikdən, xəyanətdən xəbərsiz.

Könül sevir, göz oxşayır, can təpir, Yaddaşlara möhür vurur iz, ləpir. Ulu göylər yer üzünə nur səpir, Yer üzündə cinayətdən xəbərsiz.

İnsan bilir çətin nədir, zor nədir, Diri-diri yaşadığın gor nədir. Gül nə bilsin hiylə nədir, tor nədir, Ətir saçır siyasətdən xəbərsiz.

İnsan oğlu zilin, bəmin içində, Gah sevincin, gah da qəmin içində. Ömür sürüb cəhənnəmin içində, Kim olubsa, bu cənnətdən xəbərsiz.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.