Əsas məzmuna keç

Qoşma

Təbiətin özü kimi

Zəlimxan Yaqub

1

Çən dağıla, dan sökülə, gün doğa, Yağış kəsə, ara verə, əylənə. Dəli külək qamçısını yellədə, Qara bulud teyim-teyim teylənə.

Saz misralar ruhumuzda sazlana, Düşüncələr baharlana, yazlana. Tər çiçəklər gəlin kimi nazlana, Tər cavanlar kişiləşə, bəylənə.

Saf duyğular toxum ola, cücərə, Hər kəs gələ öz bağını becərə. Qış içində yaz olmağı bacara, İnsan eşqi yaşıllaşa, göylənə.

Şeh içində tanıyasan izləri, Nəfəsinlə əridəsən buzları. Bulaq üstə dindirəsən buzları, Eşqi dildə dastan ola, söylənə.

Qadir Allah verdiyini gec ala, Qızıl Günəş başımızda tac ola. Göylər baxa, gördüyündən güc ala, Heysiz adam qüvvət tapa, heylənə.

Gün döşənə, zirvə qarı əriyə, Yaşıl çəmən dönə nazlı pəriyə. Şair baxa irəliyə, geriyə, Gözəlliyə boylandıqca boylana.

Zəlimxan da söz yolunda şam ola, Hər kəlməsi sevgi dolu cam ola. Təbiətin özü kimi tam ola, Əsillənə, nəsillənə, soylana.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.