Əsas məzmuna keç

Qoşma

Təbiətin ovsununa düşəndə

Zəlimxan Yaqub

1

Nə hirs, nə də acıq olur, İlahi, Sinə necə varaqlanır, yumşalır. Ürək necə açıq olur, İlahi, Təbiətin ovsununa düşəndə.

Nifrət olmur, qəzəb olmur, kin olmur, Dağda olur, baxışlarda çən olmur, İnsaf, iman ürəklərdən gen olmur, Təbiətin ovsununa düşəndə.

Çəmən sənin, çiçək sənin, quş sənin, Yaddaş sənin, həvəs sənin, huş sənin, Yaz sənindi, yay sənindi, qış sənin, Təbiətin ovsununa düşəndə.

Yada düşməz ağrı-azar söhbəti, Dedi-qodu, küçə-bazar söhbəti. İlham gələr, qələm yazar söhbəti, Təbiətin ovsununa düşəndə.

Qanqalsansa, dönüb çiçək olursan, İblissənsə, dönüb mələk olursan. Qayasansa, dönüb ipək olursan, Təbiətin ovsununa düşəndə.

Lilpar adlı dolça yaşıl, cam yaşıl, Dəyə yaşıl, daxma yaşıl, dam yaşıl. Duyğuların dönüb olur yamyaşıl, Təbiətin ovsununa düşəndə.

Arıya bax, bal süzür, şan yaradır, Cana məlhəm, gözə dərman yaradır. Hər mənzərə bir Zəlimxan yaradır, Təbiətin ovsununa düşəndə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.