Təbiətin önündə
Əyil, təbiətin önündə əyil, Gözəllik görəndə özünü çəkmə. Bu fürsət hər zaman tapılan deyil, Zərif çiçəklərdən gözünü çəkmə.
Gedib uzaqlarda loğman axtarma, Tapıbsan, itirmə loğmanı burda. Bir yanda dağ gülür, bir yanda aran, Yad bilmə özünə doğmanı burda.
Baharda qaynayıb qarışa bilsən, Çəmənlər qoynundan gül verər sənə. Sellərə, sulara yaraşa bilsən, Bulaqlar nəğməli dil verər sənə.
Nə xalqa gərəksən, nə də elata, Torpağın eşqiylə yana bilməsən. Dağları özünə vüqarlı ata, Düzləri mehriban ana bilməsən.
Tikansız görməzsən heç birisini, Gülə bax, sevincin birə-beş olsun. Gərək insanlar da təbiət kimi, Təbiət önündə qayğıkeş olsun.
1978, 9 dekabr