Əsas məzmuna keç

Qoşma

Təbiətin dili

Zəlimxan Yaqub

1

Ən böyük hikməti təbiətdə gəz, Olsa da yolları dolaşıq, çətin. Yüz il yaşasan da, sirrini verməz, Dilini bilməsən sən təbiətin!

Bildir istəyini, sevgini bildir, Açan çiçəyinə, yağan qarına. Torpağın nəfəsi ölü dirildir, Dirilik gətirər misralarına!

Sükutun səsi var, eşidə bilsən, Gör nələr danışır daş öz dilində. Çatdırır fikrini gah qəmli, gah şən, Bahar öz dilində, qış öz dilində.

Onu nə əzən var, nə sıxışdıran, Dillərin içində ərimir bu dil. Nə sözü kəsən var, nə qəlbi qıran, Açılır, saçılır, kirimir bu dil.

Dillər var, sözünə il çatmır daha, Dillər var, nə qədər dillidi, qardaş. Söz yeyir, dil yeyir, batır günaha, Dillər var arxalı, ellidi, qardaş.

Təbiət uzaqdı bu vurhavurdan, Doğmalıq hissi var yerin canında. Sözü işıqdandı, söhbəti nurdan, Hər dil qanad açır öz meydanında!

Nazlanır, çalxanır o gözəl pəri, Dənizin danışan dili dalğadır. Oxuyur dünyaya gələndən bəri, Bəmi ləpədirsə, zili dalğadır.

Kim doyar bulağın söz-söhbətindən, Dinərsən, ürəklə dindirər səni. Qurtarıb ruhunu dardan, çətindən, Xəyal köhləninə mindirər səni!

Uysan hər kəlməyə, varsan hər sözə, Demək təbiətdən yaxşı halısan. Elə ki, bir çayla gəldin üz-üzə, Suların dilində danışmalısan!

Çəkinmə, bir şeyə tapşıranda can, Son qoyma dillərin axtarışına. Hardadır quş dili bilən Süleyman, Lap çağır onu da söz yarışına.

Bağlı qapılara açar tapılar, Sükutun dilini onda bilərsən. Dolumu yağacaq, qarmı, yağışmı? Buludun dilini onda bilərsən.

Harda zəlzələ var, harda tufan var? Hamıdan birinci xəbər bilərsən. Təbiət dilidi dillərin şahı, Bu dili ən böyük əsər bilərsən.

Ən böyük hikməti təbiətdə gəz, Olsa da yolları dolaşıq, çətin. Yüz il yaşasan da, sirrini verməz, Dilini bilməsən sən təbiətin!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.