Təbiətə Vurğunam
Ağacların içində ən çox palıdı sevdim, Vaxta meydan oxuyan qətiyyətinə görə. Qorxusu yox, pəki yox şimşəkdən, ildırımdan, Sevdim şax duruşuna, şux qamətinə görə.
Hər barmağın vurduğu bir şirin xalı sevdim. Yeddi rəngin içində yaşılı, alı sevdim. Saysız quşlar içində ən çox qartalı sevdim, Hücum vaxtı yenilməz cəsarətinə görə.
Hər əvvəlin sonu var, gec günlər tez olacaq. Hər küləyə yem olan ayaqda toz olacaq. Ağdısa ağ qalacaq, bozdusa boz olacaq. Qayaları sevmişəm bir sifətinə görə.
Nəyə baxdımsa, onda müqəddəs nuru gördüm, Düzdə bir böyüklüyü, dağda qüruru gördüm, Həmişə təmiz, aydın, saf gördüm, duru gördüm, Təbiətə vurğunam təbiətinə görə.
2001, 20 yanvar Altıağac