Əsas məzmuna keç

Heca şeiri

Təbiət deyirdin

Zəlimxan Yaqub

1

Təbiət deyirdin, bu da təbiət, Bu işıqdan götür, bu nurdan götür. Gələk, ya gəlməyək bir də – ya qismət, Şehdən, mirvaridən, büllurdan götür.

Qarışır şəhərdə adamın başı, Kövrək duyğulara şah ola bilmir. Qaralır qanımız hər addımbaşı, Durulub bir damla şeh ola bilmir.

Burda süd ağlığı, qar təmizliyi, Orda kömür rəngi, his qarası var. Burda təbiətin müqəddəsliyi, Orda cəmiyyətin üz qarası var.

Təbiət deyirdin, bu da təbiət, Fikrini torpağa səp, göyərəcək. Dizinə güc gələr, qoluna qüvvət, Nəfəsin dəyəndə çöl göyərəcək.

Oğulsan, şeirinlə bir oxucuya Bir dağ çeşməsini içirə bilsən. Oğulsan, saflığı sən duya-duya, İnsan ürəyinə köçürə bilsən.

2001, 10 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.