Təbiət Allahın şah əsəridi
Yenə təbiətlə üz-üzəyəm mən, Döş-döşə, baş-başa, göz-gözəyəm mən. Çıxmışam dünyanın adiliyindən, Gözəllik adlanan möcüzəyəm mən. Belə duymamışdım gözəllikləri, Dünyaya gəldiyim gündən bəridi. Bir səs dalğalandı qulaqlarımda, Təbiət Allahın şah əsəridi.
Gəlir ildırımlar kəllə-kəlləyə, Şimşəklər döyüşür hey kəllər kimi. Hər zaman döyüşlər sərkərdəsidi, Qayalar dayanıb heykəllər kimi. Bilinmir tarixi, bilinmir yaşı, Buluddan nəm çəkir dağların başı. Tanrıdan gəlmədi nəqşi, nəqqaşı, Günəş qızıldandı, şəfəq zəridi, Günəş də dilləndi, şəfəq də dedi: – Təbiət Allahın şah əsəridi!
Çeşməsi çağlayır min illər boyu, Dərədə çay axır, dağda qar durur. Qartalı zirvənin, kəkliyi daşın, Dağ kəli qayanın yaraşığıdır. Arısı çəmənin, quşu havanın, Balığı dəryanın yaraşığıdır. Nazlanır bəxtəvər gözəllər kimi, Çiçəklər xanımdı, güllər pəridi. Böcək də, arı da səs-səsə verdi: – Təbiət Allahın şah əsəridi.
Vurula-vurula gördüklərinə, İnsan şair oldu, peyğəmbər oldu, Oğul igid oldu, kişi ər oldu. Bulaqdan sağlığı götürə bildi, Sudan şəffaflığı götürə bildi, Qayadan sərtliyi götürə bildi, Palıddan mərdliyi götürə bildi. Qolları yollara bənzətdi dünya, Cığırlar qollarda əzələ kimi. Şimşəkdən öyrəndi qəzəbi insan, Coşdu tufan kimi, zəlzələ kimi. Dalğanı görəndə daldı xəyala, Dəniztək qabardı, çəkildi insan. Qara şuma baxdı, qara torpağa, Şum kimi, yer kimi əkildi insan. Rəssamdı dağların şəklini çəkən, Daşlara can verən heykəltəraşdı. Dağı görməyənin gözləri bağlı, Daşı duymayanın ürəyi daşdı. Təbiət eşqinə, sənət eşqinə, Nə qədər ürəklər yandı, əridi. İnsan əsər dedi yaratdığına, Təbiət Allahın şah əsəridi.
Əli baltalılar ayaq saxlasın, Yaşını kəsənlər başını kəsər. Qurudar suyunu gen dərələrin, Yazını, yayını, qışını kəsər. Qışda qarı yağmaz, yazda yağışı, Naləsi kamana, neyə çəkilər. Bir parça yaşıllıq görmək istəsə, Yağlı əppək olub göyə çəkilər. Qaynar çeşmələri duru saxlamaq, İşığı qorumaq, nuru saxlamaq, Yer üstə ocağı, piri saxlamaq, Torpağın ruhunu diri saxlamaq, İnsanın ən böyük cavabdehliyi, Bəşərin ən böyük dərdi-səridi. Allahı qoruyar şahı qoruyan, Təbiət Allahın şah əsəridi.