Tapşırıq
Türkiyəyə gedirsən, uğurlar olsun sənə, Dumanlı suallara aydın bir cavab gətir! Biz nəyi düşünürük, bizi nə düşündürür, Lap yerin deşiyindən axtar onu, tap gətir!
Hələ çıxa bilmirik qanlı qadalı yasdan, Balalarımız şəhid, dərdimiz dildə dastan. İstanbuldan, Bursadan, Ərzurumdan, Sivasdan, Yaramızı tikməyə iynə gətir, sap gətir!
Qondarma yazıların ləzzət gəzmə dadında, Ölməz kitablar qalır nəsillərin yadında. Burdan bir kitab apar Azərbaycan adında, Ordan Türkiyə adlı ulu bir kitab gətir!
Yunusu nə ucaldıb söz mülkünün taxtına, Mövlana hardan doğub millətimin baxtına. Atilladan ayna tut Atatürkün vaxtına, Qayalar sirr verməsə, sinəsini çap gətir!
Bu ürək səndə yoxsa, o meydana girmə sən, Ömrünü hədər verib, vaxtını itirmə sən. Türkün ürəyi boyda Türkiyə gətirməsən, Nə özünə zəhmət ver, nə bizə əzab gətir!