Tapmışam
Kövrəlmişəm hər çıxanda təbiətin qoynuna, Şeriyyəti güllər üstə düşən nəmdə tapmışam. Gur çayların, saf suların dinləmişəm səsini, Ahəngimi qalxan zildə, enən bəmdə tapmışam.
Bir dastandı bu torpaqda tapındığım hər qarış, Hər qarışda duymaq eşqi, hər addımda axtarış. Hikmət dolu kitabımdı barlı payız, qarlı qış, Nə gördümsə Vətən adlı bu aləmdə tapmışam.
Ömrün-günün mənasını anlayanda bilmişəm, Bir gün açan çiçəkmişəm, bir gün solan gülmüşəm. El yasında ağlamışam, el toyunda gülmüşəm, Murazımı gah sevincdə, gah da qəmdə tapmışam.
Anam olub saz ətirli, söz qoxulu bir diyar, Nəğməsində ölümsüzlük, nəfəsində ilk bahar. Ürəyimdə od yurdunun elə sönməz eşqi var – Bu sevgini nə Məcnunda, nə Kərəmdə tapmışam.
Səslənmişəm dodaqların söhbətində, sözündə, Saflığıma qovuşmuşam bulaqların gözündə. Hər bir kəsin dünyası var bu dünyanın özündə, Mən dünyamı bir Vətəndə, bir qələmdə tapmışam!