Tapılmaz
Yazıq aşıq, vermə ömrünü zaya, Qədir bilən can bu yerdə tapılmaz. Kişidə abır yox, arvadda həya, Nə ədalət xan bu yerdə tapılmaz.
Çərxi-fələk məni saldı kəməndə, Bunların oduna düşmüşəm mən də. Adları bəndədi, özü şərməndə, Əsil müsəlman bu yerdə tapılmaz.
Bu gün tapıb azdan-çoxdan alırlar, Sabah günün qayğısına qalırlar, Qırıq-quruq, fətir-fütür salırlar, Ac doyuran nan bu yerdə tapılmaz.
İki məlakə var asılıb dardan, Sövm-salat saqit olub bunlardan, Xeyir məlakəsi qalıb sərgərdan, Savabi-ehsan bu yerdə tapılmaz.
Bica işdi mən bu sözü deməyim, Ölübdü sərdarım, tutulub bəyim. Ağ otağım, əlvan yorğan-döşəyim, O şövkəti-şan bu yerdə tapılmaz.
Ələsgər veranda xəstə düşgünən, Eyham anla, sözün üstə düşgünən, Şahi-Xorasana bəstə düşgünən, Dərdinə dərman bu yerdə tapılmaz.