Tanrıyla görüş
Canı haqdan əziz bildik, Can vermədik Tanrıya, can. İnsan onda yıxıldı ki, Yol getmədi Tanrıyacan.
İştahanın cazibəsi, Göyü çəkdi, yeri çəkdi. Tamah tutdu ətəyindən, Var gücüylə geri çəkdi.
Gözümüzə görünmədi, Baxdıq, Tanrını görmədik. Dolaşdıq ondan bəridə, Ondan anrını görmədik.
Din dünənin söhbətidi, Tanrı sığmaz dünənlərə. Allahlar da qibtə edir, O dərgaha dönənlərə.
Yerə baxma, göyə baxma, Nə kitabda, nə dində gəz. Uzaqlarda tapammazsan, Tanrını öz içində gəz.
Atıb mənəm mənəmliyi, İt nəfsi tərk etmək üçün, Tanrıyla görüşmək üçün, İnsanı dərk etmək gərək.
2001, 11 yanvar Altıağac