Tanrıya sözüm
Fikrim göydə, əlim Haqda, Yolda boran, izdə şaxta. Ömür gündə bir sınaqda, Mənə güc ver, güc, ay Tanrım.
Yaraşmır yaşıma bu yas, Qəlbim incə, ruhum həssas. Ana kimi bağrına bas, Bala kimi quc, ay Tanrım.
Göylərə qalxan həvəsəm, İsti, doğma bir nəfəsəm. Məni ki səndən gələn səsəm, Olma mənlə öc, ay Tanrım.
Yanlış namazmı qılmışam, Namazı azmı qılmışam? Tanrıya nazmı qılmışam? – Baxma mənə kəc, ay Tanrım.
Acı dilin günahıdı, Qara yelin günahıdı. Günah çölün günahıdı, Çürüyürsə iç, ay Tanrım.
Ürək çat-çat, para-para, Günahsızı çəkmə dara. Özün axtar, özün ara, Gör kimdədi suç, ay Tanrım.
Yolları ulduz, Ay eylə, Sevgini daşqın çay eylə. Qapını taybatay eylə, Aç üzümə, aç, ay Tanrım.
Ucalıq var, şərəf-şan var, Səndə hər şeydən nişan var. Əmrində bir kəhkəşan var, İşığını saç, ay Tanrım.
Başıma qar yağa-yağa, Səndən ötrü çıxdım dağa. Getmə gözümdən uzağa, Ürəyimə köç, ay Tanrım.
Sellər coşan, yellər əsən, Kim kəsdirən, kimi kəsən. Mən deyəni eşitməsən, Keç başımdan, keç, ay Tanrım.
2006, 23 yanvar