Tanrının özüdü yaşadan məni
Dünyaya birgünlük gəlməmişəm mən, İllərin yüzüdü yaşadan məni. Dənizin laylası, torpağın eşqi, Göylərin üzüdü yaşadan məni.
Yaxşı nə verəcək qeyrilər mənə, Ayrılıq gətirər ayrılar mənə. Qoy yaxın gəlməsin əyrilər mənə, Düzlərin düzüdü yaşadan məni.
Bir nadan üstümə bir qab atanda, Zir-zibil doldurub, çirkab atanda, Xarab əl sahibi xarab atanda, Çeşmənin gözüdü yaşadan məni.
Şər-böhtan qan tökər, silah qaldırar, Tamahın üstünə tamah qaldırar. Bəndə “yıxdım” deyər, Allah qaldırar, Tanrının özüdü yaşadan məni.
2006, 7 sentyabr