Əsas məzmuna keç

Heca şeiri

Tanrım, məni şəhid eylə

Zəlimxan Yaqub

1

Yazma mənim qismətimə nəs taleyi, puç günüm, Güllələrdən qaçan günü – günah günüm, suç günüm. Ölüm nədir – yer üstündən yer altına köç günüm, Tanrım, məni şəhid eylə bu torpağın yolunda!

Ürəyimdə şimşək çaxsın, gözlərimdə ildırım, Nəfəsimlə toza dönsün uçrum, yarğan, sıldırım. Qayaları bayraq kimi başım üstə qaldırım, Tanrım, məni şəhid eylə bu torpağın yolunda!

Ac qurd kimi daraşdılar, o soxuldu, bu cumdu, Bilmədilər insan mənim Allahımdı, gücümdü. Son saatım, son xilasım, son əlacım hücumdu, Tanrım, məni şəhid eylə bu torpağın yolunda!

Üç yüz ildi aralanmır məni tapan bir bəla, Yezid, Şümür hökmündədir göydən yağan hər bəla. Kərbəlanın adı çıxıb, mənəm əsil Kərbəla, Tanrım, məni şəhid eylə bu torpağın yolunda!

Özümə bir dən olmuşam, özgəsinə bir zəmi, Qorxum yenə əsarətdir, yerim yenə zirzəmi. Çaşdırıblar tariximi, tarixçimi, mirzəmi, Tanrım, məni şəhid eylə bu torpağın yolunda!

Qəzəbimi şəhid eylə qeyrət kimi cücərsin, Gəncliyimi şəhid eylə, şəhidliyi becərsin. Oğul gərək varlıq üçün yox olmağı bacarsın, Tanrım, məni şəhid eylə bu torpağın yolunda! Bu məsləkin, bu millətin, bu bayrağın yolunda.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.