Tanrı “yarat” dedi
Bir qarlı gecədə dünyaya gəldim, Mənim gəlişimi qış salamladı. Güldüm, dodağımı körpə gülüşü, Ağladım, gözümü yaş salamladı.
Su nədir – gözündən içəndə bildim, Od nədir – içindən keçəndə bildim, Atam bu dünyadan köçəndə bildim, Ömrü zəhərlənmiş aş salamladı.
Həyat ürəyimdə tər güllər əkdi, Gördüm duyğularım çiçək-çiçəkdi. Sevgi əllərini başıma çəkdi, Göz işarə verdi, qaş salamladı.
Kimlər satqın oldu, kimlər satıldı, Fikrim çaşqın oldu, qaşım çatıldı, Hərdən bostanıma daşlar atıldı, Şair taleyimi daş salamladı.
“İşlə” – qələm dedi, “dillən” – saz dedi, “Dildən ayrılmasın xoş avaz” – dedi. Tanrı “yarat” dedi, Allah “yaz” dedi, Məni bir müqəddəs iş salamladı.
2003, 30 noyabr