Əsas məzmuna keç

Qoşma

Tanrı payı

Zəlimxan Yaqub

1

Şair gec gələndə narahat olma, Demək, bir gərəkli tədbirdən gəlir. Səbirdi Allahın birinci adı, Ucalıq insana səbirdən gəlir.

Ha qaçır, qovuşa bilmir güllərə, Yemdi tikanlara, qumdu sellərə. Məcnun min illərdi düşüb çöllərə, Sorağı səhrada zəncirdən gəlir.

Qidası fikirdi, ölməz acından, Şeiri qiymətlidi şahın tacından. Şair var, sədası dar ağacından, Şair var, sədası kəndirdən gəlir.

Əbədi dünyaya xoş bir an verir, Canıyla, qanıyla sözə can verir. Ağır sınaqlara imtahan verir, Ələnir, ələkdən, xəlbirdən gəlir.

Gəlişi millətə bayram ayıdır, O, tale sovqatı, tale payıdır, Müşfiq qırx il sonra xalqa qayıdır, Cavid qırx il sonra Sibirdən gəlir.

2001, 23 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.