Tanıdı yüz yaşlı qocalar məni
Karvan yollarına çıxdı köhlənim, Gördü bəzirganlar, xocalar məni. Dərin dərələrdə itib-batmadım, Qoynuna səslədi ucalar məni.
Ayağım daşları qum kimi əzdi, Ürəyim dedi ki, gəzdikcə gəz, di. Mən onu axtardım, o məni gəzdi, Tapdı qafiyələr, hecalar məni.
Şirin arzuların sinəmə yatdı, Yandım ocaq kimi, ocaq həyatdı. Göylərə qaldırdı, buluda qatdı, Yaşatdı tüstülü bacalar məni.
Ömrə axşam düşür, ömrə dan gəlir, Qəlbə xal düşəndə, gözə qan gəlir. Gördü əlli yaşlı Zəlimxan gəlir, Tanıdı yüz yaşlı qocalar məni.