Talıstan
Payız axşamında qoynuna gəldim, Güldü gözəlliyin taxtı Talıstan. Bir nazlı, sığallı gəlinə döndü, Sinəmə gül-çiçək taxdı Talıstan.
Qızıl meşəsinə yeriyəndə çən, Düşdü ağacların saçlarına dən. Yanıqlı bir sual qopdu dilindən, Qəlbimi yandırdı, yaxdı Talıstan.
Min çəmən göyərdi xəzan deyəndə, Dərələr saz oldu, ozan deyəndə. Hanı “Talıstan”ı yazan deyəndə, Yeridi dağ-dərə, axdı Talıstan.
Yollar ətəyini sərdi düzlərə, Töküldü dağların dərdi düzlərə. Sükut sinəsini gərdi düzlərə, Şairsiz görəndə vaxtı Talıstan.
Zirvəsi ucalıb dəysə də göyə, Bəzənib girmədi yaşıla, göyə. Vurğunu gözlədi gələcək deyə, Yola Zəlimxanla baxdı Talıstan.
1975, 20 sentyabr