Tabut kimi
Çiynimizdə nə qədər şəhidlər yola saldıq, Heç vaxtımız qalmadı toylara, düyünlərə. Yas saxlaya-saxlaya qaldıq yaslar içində, Qara gün paltar kimi geyildi əyinlərə.
Varmı elə bir torpaq, dərd ilə əkilməsin? Varmı elə bir saray, kərpici sökülməsin? Varmı elə bir insan, kəfənə bükülməsin? Fələk zəhər yeritdi başlara, beyinlərə.
Gəncliyimiz göyləri dolansa da quş kimi, Qocalıq qarşımızı kəsir sərt yoxuş kimi. Keçib gedir ömrümüz yuxu kimi, duş kimi, Axırda tabut kimi qonuruq çiyinlərə!