Sün’i-həq kim, yox ikən aləmi etmiş peyda
Sün’i-Həq kim, yox ikən aləmi etmiş peyda, Ondan almış əsəri-nəzm nizamın əşya.
İqtizayi-nəsəqi-mülkü nizami-millət, Xasü amin kimin ədna, kimin etmiş ə’la.
Ta zərər yetməyə ədnalərə ə’lalərdən, Eyləmiş aləmə fərmani-xilafət icra.
Ənbiya birlə səlatini müfəvvəz qılmış, Olmağa niyyəti-ədl ilə məmalikara.
Hökmdür hökm ki, dünyayə verər ziybi-nizam, Hökmdür hökm ki, din rəsmini eylər əhya.
Hökm gər olmasa dünyayə salır zülm fəsad, Hökm gər olmasa bulmaz nəsəqi-mülk bəqa.
Hakim oldur ki, müvafiq ola hökmünə qədər, Hakim oldur ki, mütabiq ola əmrinə qəza.
Hakim oldur ki, onun olmaya zatında təmə’, Hakim oldur ki, onun olmaya fe’lində riya.
Şəm’dən görsə ki, pərvanəyə bir zülm yetər, Kəsə başın, deməyə zaye’ olur nəf’i-ziya.
Bulmayan dövləti-tövfiqü inayət Həqdən, Nə rəva kim, qıla icrayi-hökumət də’va.
Rəvişi-ədlidədir mərtəbeyi-qürbü qəbul, Ədlsiz hakimə də’vayi-hökumət nə rəva?
Bir vərə’ əhli əgər qılsa ibadət yüz il, Saəti-ədlicə verməz əsəri-qürbi-Xuda.
Hökmdür vasiteyi-mövtü həyati xəlqin, Vay ol hakimə kim, eyləyə hökmündə xəta.
Qıla məzlumləri mərhəmətindən məhrum, Verə zalimlərə öz nəf’i üçün istila.
Rəhmət ol hakimə kim, olmaya eldən qafil, Nəqdi-övqatı ola bəzli-niyazi-füqəra.
Netəkim xütteyi-Bağdadı müşərrəf qılmış Məzhəri-mərhəmətü ədl Məhəmməd paşa.
Ol sərəfraz ki, yümni-qədəmi-möhtərəmi Övliya bürcünə olmuş səbəbi-dəf’i-bəla.
Niyyəti xeyr olub, ə’malı səlah olmaq ilə Hiç kəs yox kim, ona eyləməyə xeyr-dua.
Böylə hakim əsəri-rəhmətidir Yəzdanın, Qanğı iqlimə qədəm bassa verür zövqü səfa.
Var ümidim kim, onu qılmaya şərməndə əməl, Ol zaman kim, qurulur məhkəmeyi-ruzi-cəza.
Var ümidim ki, bula feyzi-icabət Həqdən, Hər dua kim, qıla sidq ilə Füzuliyyi-gəda.
* * *
Lüğət: Peyda – zahir, aşkar olmaq; İqtizayi – ədl – ədalətin təqazası; Nəsəq – qanun-qayda; Ənbiya – peyğəmbərlər; Bəqa – həmişəlik; Rəviş – gediş, yeriş; Qürb – yaxınlıq; Əhli – raz – sirr əhli, sirdaş; Mövt – ölüm; Övqat – vaxtlar; Bəzl – bağışlamaq; Xütteyi – Rum – Rum ölkəsi, Kiçik Asiya İ; Məzhər – bir şeyin zahid olduğu yer; Yəzdan – Allah; Qanğı – hansı; Şərməndə – utanan, xəcalət çəkən; Əməl – arzu; iş; Ruzi – həşr – məhşər günü; İcabət – buldu – qəbul oldu