Süleyman neyləsin
Can şəhrinə düşdü talan, bu yalnız can neyləsin, Ötdü ömrü bibərmandır, ol Süleyman neyləsin, Haqqın verən bu dərdinə, deyin, Loğman neyləsin, Ötüb varan ömrümə ağı, giryan neyləsin, Eşq odundan kül olmuşam, duzəx-suzan neyləsin.
Səyyad olub girdi fələk, harda can pünhan qılaq, Kimlərə dərdimi deyib, kimlərə həmrah olaq, Kimlər ilən döyüş qılıb, kimlərə qılınc salaq, Dərdim aşkar qıla bilməm, el-günümdən utanaq, Mənim kimi avaraya fələk, zindan neyləsin.
Qaibana aşiq olub, eşqi bilən yanaram, Deyələr dövlət mürğü, mən hicrana qonaram, Leyli yarım olmasa da, özüm Məcnun sanaram, Gündə bir vəqt nalə edib, eşqi-meydan qanaram, Mənim kimi bir sərxoşu ulu sübhan neyləsin.
Şanına dastan düzmüşəm eşqinin məkanında, Külli aşiq sərgərdandır ol atəş heyranında, Mən kimi bir Məcnunu görməz fani eyvanında, Mən kimi bir miskin gəda yoxdur Nuh zamanında, Eşq atəşinə gədayam, dövləti-kan neyləsin.
Söyləyər Məxdumqulu, eyib görməz, ellərim, Könlüm rayinə baxmaz, yaman çaşıb dillərim, Qocalığın fəsli ilən nuna dönmüş bellərim, Bülbülləri yesir gəlmiş bağ içində güllərim, Gər ki xilas eyləməsəm, fəqir bağban neyləsin.