Əsas məzmuna keç

Bağlama

Sübhün çağı bir hikmətə tuş oldum

Aşıq Ələsgər

1

Sübhün çağı bir hikmətə tuş oldum, Desəm inanmazlar, sirri - sübhandı. Yeddi qat qalandı, daşsız, kərpicsiz, O qalada bir əjdaha pünhandı.

Nə qədər baxıram, yoxdu gözləri, İki buynuzu var, bəhri-şeşpəri, Nə əl-ayağı var, nə balü pəri, Seyr eləyir, nə gərdişi-dövrandı?!

Nə zamankı sərin çıxardır dərdən, Yeddi qat qalanı tərpədir yerdən, Qaldım aciz, zəlil, heyran, sərgərdən, Bilmədim çinidi, ya üstüxandı?

Dindirrəm, dillənmir, yoxdu zəbanı, Ona tərtib verir kərəmin kanı, Özü dincdi, heç incitmir insanı, Heyif, ismi doğrulara düşmandı.

Səhərdən-səhərə edir seyranı, Götürür qalanı, gəzir hər yanı, Aşıq Ələsgərəm, bu müəmmanı, Hər kəs tapsa, canım ona qurbandı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.