Əsas məzmuna keç

Heca şeiri

Subay qızın sualı

Zəlimxan Yaqub

1

Hər quşun öz yuvası var, Hər Adəmin Həvvası var. Hər ömrün sevilən fəsli, Hər fəslin öz havası var. Sevişdi göylər, buludlar, Sevişdi quşlar, böcəklər, Məni nə vaxt sevəcəklər?

İki baş yastığa gəldi, İki əl dörd əlin oldu. Qonşumuzun qızı köçdü, Qonşu kənddə gəlin oldu. Qovuşdu əllər, ətəklər, Süzüldü ballar, pətəklər, Sevişdi ağ kəpənəklər, Məni nə vaxt sevəcəklər?

Boy-buxunum ölçülüdür, Həsrətim ölçüyə gəlməz. İnsaf oğlan ürəyinə, Rəhm bir elçiyə gəlməz. Köz ilə kömür sevişir, Daş ilə dəmir sevişir, Qayayla mamır sevişir, Sevişir bağda bülbüllər, Sevişir düzdə çiçəklər, Məni nə vaxt sevəcəklər?

Daha hamı qışdan çıxıb, Hamı yaza doğru gedir. Arı uçur çəmənlərə, Oğlan qıza doğru gedir. Yağışla torpaq öpüşür, Budaqla yarpaq öpüşür, Dil ilə dodaq öpüşür. Tək olan bir Yaradandı, Qoşalaşır bütün təklər, Məni nə vaxt sevəcəklər? Məni nə vaxt sevəcəklər?

2006, 21 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.