Əsas məzmuna keç

Gəraylı

Suallar... Suallar

Zəlimxan Yaqub

1

Niyə büdrədi, yıxıldı, Niyə çox yandı-yaxıldı, Filankəs niyə paxıldı? – Allah bilən məsləhətdi.

Üstündəki o yun nədi, Quzu nədi, qoyun nədi, Bu qurulan oyun nədi? – Allah bilən məsləhətdi.

Kim öz içinə qısıldı, Kim asdırdı, kim asıldı, Pəhləvan niyə basıldı? – Allah bilən məsləhətdi.

Kim hürəndi, kim ulayan, Kimdi bu quyruq bulayan, Kimlərdi meydan sulayan? – Allah bilən məsləhətdi.

Niyə çürüyür kökümüz, Niyə tərpənmir tükümüz, Niyə ağırdı yükümüz? – Allah bilən məsləhətdi.

Niyə gözdən axır yaşlar, Niyə göydən yağır daşlar, Niyə kəsmir bu savaşlar? – Allah bilən məsləhətdi.

Səhralıqdı, çəmənlikdi, Kim unluqdu, kim dənlikdi, Nə sənlikdi, nə mənlikdi, – Allah bilən məsləhətdi.

Çoxunu vurub dişinə, Çoxunu qatıb döşünə, Qarışma onun işinə, – Allah bilən məsləhətdi.

Sevinc bilməz ah biləni, Nökər duymaz şah biləni, Kim bilər Allah biləni? – Allah bilən məsləhətdi.

2005, 27 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.