Sual-cavab
1. İnsanın sualı
Öz yerində ağlın, huşun varıydı, Nə savaşın, nə vuruşun varıydı, Sağlam ruhun, tox duruşun varıydı, Dünya, səni bu günlərə kim saldı?
Hardan çıxdı haramlılar, oğrular, Tərsə döndü həqiqətlər, doğrular, Neçə yerdən baş qaldırdı ağrılar, Dünya, səni bu günlərə kim saldı?
Həm buğdalar, həm Adəmlər çoxaldı, Gözdə yaşlar, canda qəmlər çoxaldı, Cənnətində cəhənnəmlər çoxaldı, Dünya, səni bu günlərə kim saldı?
Fatehlərin zorudumu günahkar, Tamahkarın torudumu günahkar, İsrafilin surudumu günahkar, Dünya, səni bu günlərə kim saldı?
Yer titrədi, yerli-yersiz hay-haray, Əlimizdən gün dad çəkdi, Ay haray, “Tüfəng çıxdı, mərdlik getdi, ay haray!” Dünya, səni bu günlərə kim saldı?
Sənin dərdin nə ikidi, nə birdi, Ümid yerin təsəllidi, səbirdi, Səbirin də son mənzili qəbirdi, Dünya, səni bu günlərə kim saldı?
Atan yoxdur şimşək kimi çaxmağa, Anan yoxdur göz yaşını sıxmağa, Nə qaldı ki, axırına çıxmağa, Dünya, səni bu günlərə kim saldı?
2. Dünyanın cavabı
Niyə mənə bu sualı verirsən? Səpdiyindi, bəhrəsini görürsən. Cilddən-cildə, dondan-dona girirsən, Sən qoymusan məni yaman günlərə.
Yurd dağıtdın, dağ doğradın, daş kəsdin, Bir əkməmiş baltaladın, beş kəsdin. Cəllad oldun, qan uddurdun, baş kəsdin, Sən qoymusan məni yaman günlərə.
Qalalarım qaya-qaya söküldü, Körpülərim kərpic-kərpic töküldü. Dağlarımın məğrur qəddi büküldü, Sən qoymusan məni yaman günlərə.
Daşa tutdun, nizə vurdun, ox atdın, Güllələri ürəyimə çox atdın. Gündən-günə öz dərdini çoxaltdın, Sən qoymusan məni yaman günlərə.
Ana oldum, övlad ola bilmədin, İstəyimə qanad ola bilmədin. Tamahından azad ola bilmədin, Sən qoymusan məni yaman günlərə.
Mənim idin, bir vaxt mənim olmusan, İndi dönüb mənə qənim olmusan. Göydə ahım, yerdə çənim olmusan, Sən qoymusan məni yaman günlərə.
Xilas üçün cığırın yox, yolun yox, Harayıma çata bilən əlin yox. Daha mənlə danışmağa dilin yox, Sən qoymusan məni yaman günlərə.