Əsas məzmuna keç

Qoşma

Sual

Zəlimxan Yaqub

2

Çox dolaşıq suallar var başımda, Ağrı çəkən aləmdimi, mənəmmi? Öz-özünə tüstülənən, alışan, Ahımdımı, naləmdimi, mənəmmi?

Halalına haram əllər qatılan, Parça-parça, pay-pay olan, satılan, Cəhənnəmin qucağına atılan, Həvvadımı, Adəmdimi, mənəmmi?

Duru gözlü çeşmələri bulanan, Yaraları göz-göz olub, sulanan, Yana-yana səhraları dolanan, Məcnundumu, Kərəmdimi, mənəmmi?

Sərt tufanlar qamət bükən, bel əyən, Bir budağam, külək qıran, yel əyən. Görən bu gün bizdə şahlıq eyləyən Şahlıqdımı, ələmdimi, mənəmmi?

Çoxdu başı buludlardan nəm çəkən, Dünya qəmdi, kim çəkməyən, kim çəkən. Dünya boyda dərd daşıyan, qəm çəkən, Abbasdımı, Dilqəmdimi, mənəmmi?

Yarımasın bizi yoldan azdıran, Addımbaşı ayaqaltı qazdıran, Heç bilmirəm bu dərdləri yazdıran, Varaqdımı, qələmdimi, mənəmmi?

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.