Su gözünə çöp yığılıb
İşığı söndü şamların, Kərəni yatdı damların. Zülmət olan adamların, İçi suyu bulandırıb.
Piyləndikcə şişib harın, Başa qədər qalxıb qarın. Neçə-neçə günahkarın, Suçu suyu bulandırıb.
Zəhəri çox ilanların, Sərhədi yox yalanların. Karvan-karvan talanların, Köçü suyu bulandırıb.
Köpük qalxıb, köp yığılıb, Su gözünə çöp yığılıb. Dəcəl, çolaq, çəp yığılıb, Üçü suyu bulandırıb.
Düşən şehdi, axan sudu, Saflıq gözümün nurudu. Qaynar çeşmə dumdurudu, Keçi suyu bulandırıb.