Sözümə baxmır
Dağlar, aşmaq istərəm, Ürək sözümə baxmır. Yorulub qanadlarım, Lələk sözümə baxmır.
Qəm yüklü, dərd yuvalı, Aşiq ömrü davalı. Yar nazlı, mən havalı, Mələk sözümə baxmır.
Bağrım başı sökülür, Məğrur qəddim bükülür. Yarpaqlarım tökülür, Külək sözümə baxmır.
Buz sallanır telimdən, Qaçmaq olmur ölümdən. Solub gedir əlimdən, Çiçək sözümə baxmır.
Ölüm ucuz, can baha, İtən tapılmaz daha. Əlim yetmir Allaha, Fələk sözümə baxmır.
2007, 22 noyabr